AZAD  QARADƏRƏLİNİN  YAYIMLANMAYAN  MÜSAHİBƏSİ

     “Kirpi.info”nun müxbirinin yazıçı Azad Qaradərəlidən aldığı bu müsahibə senzuraya məruz qaldığı üçün yazıçının etirazına əsasən yayımlanmamışdı. Müsahibənin orjinal variantını təqdim edirik.

       Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın buçağının tanınan simalarına ünvanlayaq. 
      Bu dəfəki  müsahibimiz yazıçı, “Yazı” ədəbiyyat dərgisinin baş redaktoru Azad Qaradərəlidir.

1. Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və sizi götürək, bərk sevirsiz yoxsa, necə?

-Sevgi özü də zamanın “övladıdır”. Bütün zamanlarda sevən adamlar əzab çəkib. Dövr heç vaxt sevgiyə  sıcaq baxmayıb. Sevgini tərənnüm edən yazıçı-şairin övladları dədə-baba qaydasıyla ailə qurublar. Nəticədə bir dövrdə sevənlər daş-qalaq edilib, başqa bir dövrdə quyuya atılıblar, bir ayrı dövrdə od tutub yanıblar, lab son zamanda isə düşmənin gülləsindən ölən sevgisinə görə qız sirkə içərək intihar edib və sair. Amma bir həqiqət var ki, bütün bu məhrumiyyətlərə baxmayaraq, sevgi həmişə olub, olacaq da. P.Neruda deyirdi ki, əsla eşq acısı çəkmiş biri ilə ilişki qurmayın, o yaralıdır və yaralarını sarımaq üçün sizdən istifadə edəcəkdir. Yəni, eşqin tərsi, uvandı da ola bilir.

O ki qaldı şəxsən mənə, bəli sevmişəm. Və sevəndə anlamışam ki, bu normal hal deyilmiş. Yəni sevgi Freydin sözü olmasın narkomaniya kimidir, tutqudur,  vuruldunsa, sonacan gedəcəksən. Mən bütün yaradıcılığıma görə də, həyatda qazandığım bütün uğurlara görə də o sevgiyə borcluyam.

2. Sevgi öldürməyə qadirdir?

-Hə, əsl sevgidirsə, ortada ölüm ola bilər. Bəs “Leyli və Məcnun”, “Romeo və Cülyetta” niyə ölümlə bitdi? Ortada sevgidən və ondan doğan nifrətdən yoğrulan  ölüm ola bilər. Sevgi ilə nifrət çox yaxın qonşudurlar. Naşı əl bunların arasındakı nazik pərdəni yırtanda nifrət üstələyir və ölüm asanlaşır.Bu ölüm özü də mənasız ölümdür. Qısqanclıq, sevənlərə olan paxıllıq, sevginin necə bir hiss olmasını anlamamaq ölümə səbəb ola bilər. Bu, adətən valideynlərin nadanlığından, kütlənin “mentalitet” harayından qaynaqlanır. Bu nadanlar anlamır ki, sevginin milliyyəti belə yoxdursa, daha nə mentalitet?! Mənim “Cülyettanın sağ döşünə toxunmaq” adlı romanım var. “Yazı” dərgisində hissə-hissə çap olunub. Orada sevənləri natəmiz cəmiyyət və saxta insani hisslər məhv edr.

  1. Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

 -Azadlıq şərti məsələdir. Bir var cəmiyyətin azadlığı, bir də var fərdlərin azadlığı. Cəmiyyət azad olmayanda azad fərdlər daha çox əziyyət çəkir. “Ehtiyac qul eylər qəhrəmanı da” ideyası burdan gəlir. Qul psixologiyası isə heç vaxt azad adam doğura bilməz. Ancaq təcrübə göstərdi ki, uzun illər qara qul kimi ABŞ-da sürünən zəncilərin nümayəndəsi indi ABŞ prezidentidir. Demək, azadlığın özünün də zamana ehtiyacı var.

  1. Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

-“Buna da şükür”, “Naşükür olmayın”, “Toyuq su içəndə üzünü göyə tutar”, “Ağac bar gətirəndə başını aşağı dikər” kimi müsəlmançılıqdan gələn dini quldarlıq psixologiyası insan azadlığını məhdudlaşdırmaqla qalmır, insanın həm özünün, həm də gen daşıyıcılarının əxlaqını zədələyir. Əgər sən mövcud korrupsioner, oğru, klançı və talançı cəmiyyətlə barışır və daha yaxşısını ən azı arzulamırsansa, vay sənin halına.

5. Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

-Kandid, əslində isə Volter yeni dünyanı təkcə arzulamır. Onun ardınca gedir, onu axtarıb tapıır. Kandidin Eldoradası nə qədər gözəl olsa da, bu özü də qüsurludur. Qüsuru ondadır ki, Kandid arzuladığı cəmiyyəti yaratmaq əvəzinə, hazırını axtarmağa gedir. Bu, təxminən bizim soydaşlarımızın Avropaya, ABŞ-a mühacirətinə bənzəyir. O yeni və gözəl dünya Marsda da ola bilər, amma bunun sənə dəxli az olacaq. Sən öz Marsını yaratmağa məhkumsan. “Tələbat özünə oraqn yaradır” deyən dahi necə də haqlı idi.
6. Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?

-Bizim ilk milli dövlətimizin qurucusu M.Rəsulzadənin əsasını qoyduğu partiyanın adı Müsavat idi, yəni bərabərlik idi. Müsavat hökumətinin yaratdığı parlamentdə Azərbaycandakı bütün millət və xalqlar, o cümlədən ermənilər də təmsil olunmuşdu. Axırı nə oldu? O milli və demokratik hakimiyyəti devirib, yerində antimilli, yalan üzərində qurulan, saxta şüarlarla süslənmiş bir asılı respublika qurdular. Azərbaycan nefti, hansı ki, nə indi, nə onda xalqın olmamışdı, Sovet dövlətinin sərvəti kimi  talan edilirdi. Xalqımıza isə yaşlısına 12 manat pensiya, tələbəsinə  30 manat təqaüd, ziyalısına 150 manat məvacib verilirdi. Kommunizm haqqında isə kitablarda belə tərif vardı:”Maddi sərvətlər sel kimi açıb-daşacaq…”Təəssüf ki, hazırki Azərbaycan rejimi də əski Sovet dövlətinin varisi kimi eyni siyasəti yürüdür. Nəticədə bərabərlik sözündən yalnız riyazi məhfum kimi istifadə edilə bilir.

7. Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

-Təəssüf ki, kütlə üçün yaşamaqla sürünməyin fərqi yoxdur. “Kəpəmək mövsümü” filmindəki kimi: 30-cu illərdə Dominikan respublikasında Ruxilyonun diktaturası hökm sürür. Adi insani haqlar belə pozulur. İnsanlar maddi və mənəvi aclığa məhkumdur. Qızlar universitetə girə bilər, amma hüquqşünas ixtisasını seçə bilməz və sair. Minevra Mirabal adlı bir qız bütün bunlara qarşı çıxır. Hüquqşünas ixtisasını seçir, diktator Ruxilyoya qarşı bacıları, sevgilisi və dostları ilə vuruşurlar. Nəticədə onlar məhv olurlar. Amma Ruxilyo rejimi də çökür. Bəli, insan şüurla yaşayanda, elmi dünyagörüşə sahib olanda onunçün ölüm də gözəl olur. Belə olanda sən Markesin “Dünyanın ən gözəl ölüsü”nə inanarsan. Yaxud bizim bir  məşhur filmimizdə deyildiyi kimi, “Dövlət bəyin ölüsü də gözəldir!” Zillətlə yaşamaqdan, gözəl ölümə sahib olmaq daha mənalıdır prinsipi insanlığa şərəf gətirər. Və bu ədəbiyyatın da  əbədi mövzusuna çevriləndə  gözəldən  gözəl olur. Təəssüf ki, bizim ədəbiyyat  100 ilə yaxındır ki, “bəli, baş üstə” prinsipi ilə yaşayanları tərənnüm edir.

8. Bir-birindən ayrı din ola bilərmi?

-Din allahlara aidiyyəti olmayan, yalnız insanların uydurduğu düşüncə tərzidir. Ona görə də bir-birinin kölgəsini qılınclasalar da, dinlər bir-birindən törəyiblər. Deməli, dinlərin bir-birinə çox ehtiyacı var. Təəssüf ki, bu gün öz ilkin mahiyyətindən çox uzaqlaşıb. İndi o da orta əsr inkvizasiyasına qayıdır. Şərqdə yaranan İŞİD, vəhabizm, qərbdə yaranan bəzi dini sektalar barbarlığı, müharibəni, öldürmə formalarını, dağıdıcılığı, bir sözlə vəhşəti vəsf edirlər. Hara çəksən, bunların hamısının kökündə bir şey durur: cəmiyyəti savadsızlaşdırmaq, qorxutmaq, gözüqıpıq eləmək. Ona görə də dinlər heç vaxt bir-birindən ayrı olmurlar, əgər ayrı olurlarsa, bu, sadəcə görüntüdür. Burada böyük Volterin bir söznü misal gəıtirmək yerinə düşərdi:”Tanrı dünyanı yaratmaq üçün yararlandığı qanunauyğunluqlardan qırağa çıxa bilməz. O istəsə belə, müstəvi üzərindəki üçbuçağın daxili bucaqlarının toplusunu yüz səksən dərəcədən artıq, ya da əskik eləyə bilməz”. Elə bilirəm, şərhə ehtiyac yoxdur.

  1. Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə dayanır?

-İnsanın genində olan naqisliklər onların ətrafa nur saçmasına mane olur. Nəticədə Şərq diktatorlarının oğlanları Parisdə, Londonda, Nyu-Yorkda təhsil alsalar da, o ölkələrin yaxşı cəhətlərini – demokratiyanı, savadlı və ağıllı insan yetişdirməyi, ölkənin maddi sərvətlərini hamıya bərabər bölməyi və digər müsbət cəhətləri öz ölkələrinə gətirmirlər. Atalarından, babalarından qalma mənəmlik, quldarlıq, anti-demokratik fikirlərinə daha çox yer verirlər. Bu isə gec-tez onların məhvinə səbəb olur. Sovet dövrünün bəzi yaxşı  ideyaları vardı: təəssüf edirəm ki, onlar kağız üzərində qaldı. Məsələn, proletariat diktaturası. Məncə, Şərq ölkələrində diktatorlar yıxılandan sonra hökmən xalq diktaturası qurulmalı, bu nadan və görməmiş tayfaların nəslindən olanları  bir daha hakimiyyətə gəlməməsini təmin edən mexanizm yaradılmalıdır.

10. Başqalarının gözəllik tapdığı yerdə əgər və əskiklik axtarmağın adı və dadı nədir?

-İnsan bəzən doğuşdan naqisliklərlə yüklü olur. Bəziləri isə həyatda o qədər rəzilliklərlə rastlaşır ki, əlinə girəvə və imkan düşən kimi daxili narazılıqları baş qaldırır. Mənim “Meyit namazı” adlı bir hekayəm var. Bir polis rəisi işçisi olan qadına vurulur, hətta harınlıq və vəzifə onun gözünü o dərəcədə örtür ki, qadının ərindən onu “istəyir”. Yalnız qadının və ərinin əzmkarlığı bu əxlaqsızlığa mane olur. Amma sonda ər on iləcən türmədə yatmalı olur, gəncliyini soyuq divarlar arasında keçirir. İllər sonra eşidir ki, həmin polis rəisi ölüb. Onun dəfninə gedir və mollanın meyid namazında dediyi “Haqqınızı bu məhruma halal edin” sözündən sonra mollanın sözünü kəsib deyir: -Mıən öz haqqımı ona halal eləmirəm. Haram xoşu olsun!

      Bəli, anti-humanist akt, özü özlüyündə anti-insani akta səbəb olur. Zorakı cütləşmədən ölü doğuş törədiyi kimi.

11. Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?

-Bu sualın cavabı 1-ci sualda qismən verilib. Yəni sevgini ancaq əsər yazmaq, kino çəkmək üçün lazım bilənlər, onun mahiyyətini anlamazlar. Bu, onlara tamaşa kimi gərəkdir. Qədim  hökmdarlar  qladiator döyüşündən zövq aldığı kimi, bunlar da faciələrdən həzz alırlar.

12. İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

-Bilmirəm, siz 90-cı illərin Azərbaycanını xatırlayırsınızmı? Adamlar bir-birinə daha doğma, daha yaxın, daha humanist yanaşırdılar. Hətta meydanda, yaxud səngərdə bir çörəyi, yaxud siaqreti neçə-neçə adam bölüşərdi. Şəhidlər hamının şəhidi kimi idi. Adamlar bir-birinə o qədər mehriban idilər ki, bundan gözləri yaşaranlar vardı. O dövr və onun yaradıcıları onu istəyirdi, o yanaşma yarandı. Bu dövr və bunun yaradıcıları ortaya bir nəhəng tərəzi qoyub hər şeyi hərraca çıxardılar. Nəticədə imansız-dinsiz bir kəsim yarandı. O da məlumdur ki, tərəzi başında oturanın gözü həmişə bağlı olur – yaxud özünü belə göstərir…

“Kirpi”nin tikanı:
– Kandid olmağa nə mane olur sizə?

-Mən yuxarıdakı sualların birində bunun da cavabını vermişəm: Kandid olmağın tərəfdarı deyiləm. Eldoradanı axtarıb tapmaq deyil, onu öz xaraba məmləkətində yaratmağın tərəfdarıyam. Nizaminin Şimalda xoşbəxtlər ölkəsi, Volterin Eldarodası zamanı üçün böyük hadisədir. Fəqət bu gün bizə özümüzün yaratdığımız azad, demokratik bir cəmiyyət gərəkdir. Bunun uğrunda mənim öhdəmə düşən nədirsə, onu etməyə çalışıram – təbii ki, bədii və publisisstik yazılarımla.

Comments are closed.