Axar.az saytı yazıçı Azad Qaradərəlidən müsahibə alıb. Lakin müsaibənin yayımlanan variantında yazıçının fikirləri senzuraya məruz qalmış, üstəlik, müsahibə yayımlanandan bir neçə saat sonra saytdan yığışdırılmışdır. Müsahibənin orjinal variantını oxucularımıza təqdim edirik.   

  1. Azad müəllim, necəsiz?

Nə  deyim, Faiq  bəy. Millətin halı necə, mən də eyləyəm. Deyim ki, guya yazıçı kimi heç nəyi gözə almıram, guya mənim öz dünyam var, filan, yalan olar. Mən bu millətin  və bu dünyanın bir parçasıyam. İnsanlarımızın halı necə, mənimki də heylədir. Üstəlik, heç dünyamız da rahat deyil. Amma onu deyim ki, öz yazıçı hücrəmə çəkiləndə bu danışdıqlarımı unudur, nəsə ayrı bir dünyaya girirəm. Görünür, o dünya mənim arzuladığım dünyadır. Orada seçkilər saxatalaşdırılmır , yalan ayaq tutub yerimir, bir məmur milyardları altına yığmır … Mənim düşündüyüm dünyada qurd quzu ilə otlayır.

  1. Yazı-pozu adamısız, Yazınız çox olur, yoxsa pozunuz?

Mən indi daha çox yazıram, nəinki 20 il əvvəl. 20-25 il əvvəl bir az şübhəm vardı ki, aya, görəsən , yazdıqlarım kiminsə sınıq könlünə çınqı da olsa kömək edərmi? Yaxud, görəsən, məni oxuyub nəsə nəticə çıxaran varmı? Amma son 15 ildə anladım ki, nəinki oxuyanlar var, hətta oxuyub bir düşünənlər də var. Düzü, ədəbiyyatın uzun məqsədə hədəfləndiyini bilirdim, amma 40 il qabaq yazdığım hekayənin ali məktəbdə tədris olunacağını və müəyyən qənaətlərə gələcəklərini heç hesablamamışdım. Söhbət “Alma ağacı” hekayəımdən gedir. Bu yaxınlarda eşitdim ki, ali məktəblərdə həmin hekayəni tədris planına salıblar.

O ki qaldı pozmağa, yazandan sonra təbii ki, redəktə zamanı pozmaq da lazım gəlir. Mən tələbələrimə həmişə deyirəm ki, çox yazın ki, pozanda ortada bir şey qalsın.

  1. İlk kitabınız Sovetlər dönəmində 1987-ci ildə dərc olunub. Sovet yazıçısının sevinci şirindir, yoxsa müstəqil ölkə yazarının?

İlk kitabım beş il gecikmişdi. Yəni 33 yaşımda deyil, 26-27 yaşımda çıxmalıydı. Amma bir kəndli gəncin bundan artığına gücü çatmaz ki! Və düşünün ki, içi mən qarışıq, tənqid etdiyimiz Sabir Rüstəmxanlı olmasaydı, (uman yerdən küsərlər) yəqin ki, bəlkə də 35-40 yaşımda çıxacaqdı. İki minə yaxın qonarar almışdım, şirinlik verdiyimdən əlavə, (indi boyunlarına almamaqlarına baxmayın, bu, o vaxt bir qanun kimi idi, bəlkə indi daha artıqdır, nə bilim) köhnə İntirustdə iki gün yeyib-içdik dostlarla, hələ evə gedəndə cibimdə də bir xeyli pul qalmışdı. Amma…

Amması odur ki, biz, yəni 80-cilər nəsli,  bütün bu aldanışlara qarşı çıxaraq, millətimizin azadlığı üçün  SSRİ deyilən böyük dövlətin cəbbəxanasına qarşı çıxdıq.  Onun tanklarının üstünə yeridik, eyni zamanda ermənilərin torpaqlarımızı işğalına mane olmaq üçün cəbhələrə atıldıq. Mən onda rayonda, Ermənistanla sərhəddə yaşadığımdan azadlıq hərəkatına qoşuldum, düşmənlərimizə qarşı vuruşanların yanında oldum, təbii ki, silahla deyil, sözümlə. Razılaşın ki, mənim kimi yazıçıların sözü min silahdan daha irəliydi. Bir hekayəm var:”Dörd kişi haqqında üç hekayə.” Orada əmim yanıma gəlir ki, get, qardaşın oğlunu başa sal,qoy ordudan geri qayıtsın. Mən orada deyirəm ki, əmi, oğlunda günah yox, günah məndədir. Mən onlara demişəm ki, Vətəni sevin. Qoruyun. İndi necə deyim ki, silahı qoy yerə,  geri dön?!

Bax, Faiq bəy, belə ağır mətləblər var. Nə deyim axı?..

  1. İlk Kitabınızın adı “Dum dudur su”dur. Ikinci kitabınız 1999-cu ildə “Ulartı” adında dərc olundu. Zəngilanın Qaradərəsinin dumduru suyunu içən yazıçının – sizin səsiniz dərə boyunca eşidilə bildimi?

Mən keçən yazda Türkiyədəydim. Orada yazıçı dostlarımla görüşlərim oldu. Dedilər ki, biz əsl Azərbaycan ədəbiyyatını tanımırıq. Bizə kömək edin, Azərbaycan ədəbiyyatında nə baş verdiyini, önəmli imzaları tanıyaq. Bilirsiniz, hər kəs öz atasını, anasını, qohum-qardaşını orada çap etdirib. Əyalətçilik, qəbilə, tayfa-münasibəti… İndi mən çalışıram ki, orada əsl ədəbiyyatımızı təmsil edəcək nümunələri çap etdirim.  Ömür vəfa eləsə, bunu edəcəyik.

O ki qaldı “Dumduru su”ya, o su çoxdan bulanıb. Yəni, mən o hekayələrdən imtina etməmişəmsə də, daha başqa cür yazıram. Onlar, sadəcə bir yazarın tarixi kimi  əhəmiyyət kəsb edə bilər. Yoxsa, bir də görürsən, bir xalq yazıçısı yazır ki, o vaxt nə yazmışam, indi hamısına qol çəkirəm. Əcaba, sən sosializm realizmini təbliğ etmisən axı, bəs buna nə deyirsən?!

  1. Radioda işlədiz. Radio verlişlər, pyeslər və daha neçə hekayə köçkünlük dövründə yazıldı, ərsəyə gəldi. Elə mövzularınız var ki, köçkün olmasaydız yazıla bilməzdi. Bu baxımdan köçkün olmağın “həzzini” yaşaya bildinizmi heç?

Bu mövzu məndə bir silsilədir. On ildən çox çox müddətdə qəhrəmanlarım ancaq qaçqın-köçkünlər oldu.  Yəni, uzun zaman bu itkidən çıxa bilmədim.   İtki özü bioloji və ya psixoloji hal kimi çox kədərlidir. Həm də ağrılı. Düzü, mən bu qaçqınlığı, k öçkünlüyü adi hal kimi qarşılamağa başlamışam artıq. Yəni mənim müdrik və mentalitetenə bağlı xalqım bunu olacaq kimi qarşılayandan sonra mən kiməm ki? Mən ki bir salnaməçiyəm, olacağı, olmuşu yazıram. Zira hərdən dözmürəm, o cızıqları taptalayıram, sərhədləri, sınırları keçirəm, bunu da etməsəm, daha nə yazıçılıq oldu ki?!

  1. “Şəhərcik” romanınız səhv etmirəmsə müsabiqəyə təqdim olunmuşdu. Verilən dəyər ürəyinizcə idi?

Yox, “Şəhərcik” deyil, “Kuma-Manıç çökəkliyi” Milli Kitab Mükafatının onluğuna düşmüşdü, “Burda yer fırlanmırdı” da AYB-la BSU-nun təşkil etdiyi mükafata təqdim edilmişdi və o da finaldaydı. İmtina etdim sadəcə. Yəni Azərbaycan reallığında seçim məsələsi o qədər qaranlıq ki, burada nəyəsə nail olmaq özü absurddur.

  1. Azad müəllim, “Yazı” dərgisinin vəziyyəti necədir? Ayaqlaşa bilirsizmi, digər dərgilərlə?

Vallah, “Yazı” demək olar ki, indi rəqib tanımır. Axı bu anda müstəqil bir ədəbiyyat dərgisi yox ki! Qalır o birilər, onlar da yedəkdədirlər. Yəqin ki, “Azərbaycan” jurnalındakı son redaktor müavini dəyişikliyi sizə nəsə dedi. Yəni, onların yeniliyə töhfə verəcəyinə ümid yox. Çünki novatorluq yerinə, başını verməli olarsan. Baş da önəmlidir axı. Volterdən bu yana ideyalar naminə başlar qurban gedib. Biz isə “Yazı”nı  buraxmağa başlayandan bu günə kimi qarşımıza bir məqsəd qoyduq: modern, azad ədəbiyyata rəvac verəcəyik. Və verdik də. Bəlli bir oxucu kütləsi də toplamışıq. Axı elektron da yayımlayırıq. Saytımıza bu günlərdə xaker hücumu da oldu və bütün bunlar bizə onu deməyə əsas verir ki, bizi oxuyurlar, izləyirlər və hətta rəqiblərimiz bizə patava da atırlar. Amma biz, bizi istəyənlərin sayəsində ayaqdayıq.

  1. Ədəbiyyatdan umacağınız nə olub?

Desəm, heç nə, inanmayacaqsınız. Yəni, içimi boşaltmağı düşünmüşəm. Məndə yığılıb qalan, mənə əzab verən, tökülməyini istəyən şeyləri əvvəl vərəqlərə, indi isə kompüterin yaddaşına tökmüşəm. Amma ürəyimdə bir inam olub ki, bunlar nə zamansa kimlərəsə lazım olacaq.

Bizim baharlı tayfası 14-15-ci əsrlərdə İrak və Suriyadan baş götürüb Anadoluya, oradan Təbrizə və nəhayət Quzey Azərbaycana gəlib çıxıblar.  Qaraqoyunlular imperiyasını yaradıblar, Hindistanda imperiya qurublar, bu gün Azərbaycandakı əhalinin bəlkə onda ikisi baharlılardır. Yəni bir tayfa kimi, xalq kimi nələrə sahib olublarsa, onları bu günün prizmasından yazmaq istəyirəm. Və yazıram da. Məncə insan genini, kodunu xatırlamasa, kimliyini bilməsə, harasa vara bilməz. Mən də bir yazıçı kimi min illərin o üzündən bu günə və gələcəyə gedən xalqımızın nəyə nail olmasını yazmağı düşünürəm.

İndi üzərində işlədiyim “Şüşə ev” romanında (“Yazı”da hissə-hissə çap olunur) bu mətləblərə işıq tutmmağa çalışmışam.

  1. Yəni o gözləntilər ki vardı, yazıçı olaraq aşkar, gizlin istəmişdiz, alınanı oldumu?

Oldu. Bu gün pis-yaxşı bəlli bir oxucu kütləmin  olduğunu bilirəm. Bir vaxtlar oxucularımı şəxsən tanıyırdımsa, indi onların ancaq təxmini sayını bilirəm. Yəni, kitablarımın sayıyla deyil, elektron oxucularımın sayıyla danışıram. Onlar indi təbii ki, təkcə Azərbaycan sərhədlərində deyil, Terkiyədə, Güney Azərbaycanda olan oxucularımdır. Avropada, Amerikada olan türkdilli oxucuları da bura əlavə etsək, bəlli bir say alınar.  Hekayələrim rus, ingilis dillərinə çevrilib, saytlarda, toplularda yayımlanıb. Amma mən təbii ki, bununla kifayətlənmək fikrində deyiləm. Çox istəyirəm ki, bu coğrafiyanı ingilis, rus, fransız, lman dillərinin hesabına daha da genişləndirəm.  Bir hekayələr kitabım ingilis dilinə çevrilib, biri də türkcəyə, qalır çapı, bunu da yaxın vaxtlarda həll etməyi düşünürük. Qalanını da  zaman məncə  yerbəyer edəcək.

  1. Ədəbiyyatımızın vəziyyəti necədir?

Təəssüf ki, nikbin deyiləm. “Yazı”nın 15 sayını min əziyyətlə buraxmışıq, bizdən qabaqkı yazıçıların bir sətiri də ortaya çıxmadı özlərindən sonra, Sabir Əhmədli istisna olmaqla. Yaşayanlardan isə təkcə Əkrəm Əylisli səviyyəli  əsər yazır. Və bizim nəsil, 80-cilər də təəssüf ki, sanballı əsər qoymadı ortaya. (Dünya səviyyəli əsərdən danışıram.) Əlac qalıb indiki gənclərə. Şəxsən, mən “Yazı”nın qapılarını onların üzünə açmışam. Görək nə olur.

  1. Qaraqabaq adama oxşayırsız. Qalın qaşlar, çox nadir halda gülümsəyən çöhrənizə zəhm qatır. Bu yandan da bu zəhmlə uşaq jurnalı da çıxardınız. Heç olubmu ki sizdən az yaşlı uşaqlar çəkinsin?

Hə, az gülən, yəni hər şeyə dodağıqaçan adam deyiləm. Amma siz düşündüyünüz qədər də qaraqabaq olduğumu sanmıram. Yumora aşırı həvəsim var. (Çöpəgülənlik, şou xatirinə gülmək xaric) Nənəm deyərdi:”Güləndə elə gül ki, əzizi gəlmiş kimi, ağlayanda elə ağla ki, əzizi ölmüş kimi.” Daha əlavə etməyə nə hacət.

O ki qaldı uşaqlara. Bu ayrı aləmdir. Düz 15 il radionun uşaq verilişlərində çalışmışam. Uşaqlarla yaxşı anlaşıram. Beş övladım, beş nəvəm olması da bunu deməyə məncə yaxşı əsas verir. (Bu sətirləri sizə ona görə gec çatdırdım ki, yaş yarımlıq nəvəm Əli bizdəydi, onu yatızdırırdım, ancaq mənimlə yatır bizdə olanda.)  Bir uşaq kitabım çıxıb, biri də çapa hazırdır. “Yemlik” isə mənim yox, gözəl xanım şairimiz Sevinc Elsevərin layihəsidir. Mən sadəcə dəstək vermişəm.

  1. Yenə də ədəbiyyatla bağlı mövzuya qayıdaq. Siz öz yerinizi bu cameədə harda görürdüz və ora qədər gələ bildinizmi?

Yox, əzizim, mən düşündüyüm yerə hələ gəlməmişəm. Yəni bu ola bilər ki, heç mənim sağlığımda olmasın, yəni mövcud şəraitə görə. Amma sadəcə, hələ  mən öz yazacaqlarımı yazıb bitirməmişəm. Onları bitirə bilsəm,   məqsədimə çatmış olaram. Ən azı beş roman, iki-üç də hekayələr kitabı var gələcək planımda.

  1. Bu gün yazı yazmaq bir çoxlarımızın dolanışığı üçündür həmdə. Dolanışıq üçün yazılanlar sizi dolaşığa saldığı məqama qədər “böyüyə” bilibmi?

İlk böyük qonararımı Sovet vaxtı almışam. İlk kitabıma görə:  2000 rubla yaxın qonarar idi. Sonralar az-çox kitablarımdan qonorar almışam. Məsələn, “Günəş tutulan yerdə” romanım “Ədalət” qəetində hissə-hissə  çap olunanda (“Azərbaycan” jurnalı onun çapından imtina etmişdi) 500 dollar qonarar aldım. Onda bu böyük pul sayılırdı. Yaxud “Qar ağlığı” seçilmiş hekayələrim on il əvvəl iki dəfə çap olundu və mən o kitabdan təxminən indiki pulla beş min manatacan pul qazandım.  “Aşiqlər” adlı elmi-publisistik kitabım iki dəfə nəşr olunub, filan qədər gəlir gətirib. İndi də kitablarım çıxır. Bir kitabıma yüz dollar göndərən olub… Yəni lazimi şərait və rəqabət olmadığından kitab satışının real nəticələrindən danışmaq sadəcə fiaskodur…

Hə, o “dolaşıq” məsələsi… Yazıçılıq kifayət qədər təhlükəli peşədir. Hökm verənlər daim səni yanlarında görmək istəyiblər, özü də təzim edən vəziyyətdə. Rayonda işləyəndə “Qoç əti” hekayəm rayon partiya komitəsinin bürosunda müzakirəyə çəxarıldı, yaxamı ona görə qurtara bildim ki, onda kommunist deyildim. 20 Yanvarda rayon qəetindəki redaktor müavini işimdən qovuldum, lap bu yaxınlarda isə işlədiyim dövlət komitəsində bir hekayəyə (söhbət müəllifin saytlarda yayımlanan və son hekayələr kitabında çıxan “Eteri” hekayəsindən gedir – yazidergisi.com) görə işimi itirdim. Allah sonrasından saxlasın…

  1. “Burda kişi varmı” deyə hekayə yazdınız və bu adla kitab nəşr etdirdiz. Sualınızın alt qatında olan təsir gücünün təsiri haralardasa hiss olundumu?

Nə deyim? Əsl yazıçı yazmadıqlarını oxucusuna çatdırandır. Bu kitabda demədiklərimi dediklərimin içindən axtarıb tapmaq ayıq oxucunun və binəva tənqidçilərin işidir. Tehran Əlişanoğlu kiçik bir mətnlə “Şəhərcik” romanımın qiymətini vermişdi, dediyiniz kitabın isə hələ tənqidçi qiyməti verilməyib. Amma kitabın bütün çapının satılıb qurtarması deyir ki, əslində oxucu yazıçının  nə istədiyini yaxşı bilir.

Comments are closed.