“Ulduz” və “Yazı”

ulAzərbaycanda bir “Yazı” jurnalı var. Bu jurnal ədəbi mövqeyinə, siyasi baxışına fərq qoymadan hamını, qabında azacıq da olsa, nəsə olan bütün yazarları çap edir. “Yazı”nın azadlığını ancaq Əkrəm Əylisinin “Azərbaycan”ı ilə müqayisə etmək olar. Əkrəm müəllimin “Azərbaycan”ından sonra Azərbaycan belə dərgi görməyib.

Düzdür, bizim yazarlar ara-sıra Yusif Səmədoğlunun “Ulduz”unu da “Azərbaycan”a qoşmaq istəyir. Ancaq nə gizlədim, mən Yusifin “Ulduz”unu görməsəm də, buna inanmağım gəlmir. Çünki Yusif Səmədoğlu ömrü boyu ədəbi istilanı müdafiə edib. Milli Azadlıq Hərəkatındakı müəmmalı iştirakı da onun avtobioqrafiyasının qaranlıq məqamlarındandır
Bir dərginin gücü nə ilə ölçülər? Yaratdığı ədəbi proseslə, ədəbiyyata qazandırdığı imzalarla. İndi gəlin “Azərbaycan” jurnalının, şəxsən Əkrəm Əylisinin ədəbiyyatımıza qazandırdığı imzaları xatırlayaq: Mövlud Süleymanlı, Afaq Məsud, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Ağamalı Sadiq Əfəndi, Səfər Alışarlı, ay kişi, Vaqif Səmədoğlu!

Vaqif özü danışırdı ki, Yusiflə Anar yazılarımı kəsib-doğrayırdı deyə çap olunmaq istəmirdim. Eləcə mahnı mətnləri yazıb, qonorar alırdım. Bir gün Əkrəm bizə gəldi, yaxşı yeyib-içdik. Mən möhkəm sərxoş olmuşdum. Əkrəm məndən xəbərsiz şeir dəftərimi oğurladı, “Azərbaycan” jurnalının, az qala, yarısında mənim şeirlərimi verdi.

Ancaq Yusifin “Ulduz”u belə ciddi imzalar yetişdirməyib, ədəbi prosesə təkan verməyib.

***

“Yazı” çox ağır şərtlər altında çap olunur. Baş redaktor Azad Qaradərəli dərgini Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoya-qoya çıxarır. Ancaq fikir verin, kasıb jurnalda gedən diri materiallar hara, Yazıçılar Birliyinin ətalət yağan dərgiləri hara?

Qurultaydan əvvəl edilən kosmetik dəyişmələr nə fayda verə bilərdi ki? Guya Elçin Hüseynbəyli “Ulduz”u bay eləmişdi, indi də “Ədəbiyyat” qəzetinə göndəriblər.

Qulu Ağsəs son on ildə hansı yeni fikri dedi, hansı yeni düşüncəni ortaya qoydu ki, ona gəncliyin jurnalını əmanət etdilər? Axı bu adam artıq uzun illərdir ki, öz həqiqətini Rəmişin gitara simlərində, Səxavətin bülbül cəh-cəhlərində, Qədirin zarafatlarında tapıb. Ədəbiyyata isə axtaran, narahat olan, qazaxlılar demiş, “partdamış” adamlar lazımdır.

***

“Yazı” yeni çıxmağa başlayanda onun başına yığışan yazıçıların çoxu jurnalın müstəqil mövqeyindən qorxub, ordan uzaqlaşdılar, onları uzun illər çap eləməyən, qəzetlərdə-jurnallarda yer verməyən adamların yanına qaçıb, “biz onlardan deyilik” dedilər. Ancaq nə fayda? Bu gün Əkrəm Əylisli kimi bir yazıçı öz əsərini “Yazı”ya göndərir.

Tökülüb-itən vərəqlər, korrektə səhvləri ilə aşıb-daşan yazılar, solğun fotolar, gənc müəlliflərin ən adi üslub xətaları ilə dolu hekayələri… Bütün bunlar “Yazı” jurnalı üçün xarakterikdir, amma müstəqil düşüncəli qələm adamları yenə bu jurnalın hər sayını səbirsizliklə gözləyir, sevə-sevə alır, oxuyur. Bu dərgiyə ədəbi havasızlıq şəraitində bir nəfəslik kimi baxır.

Amma səliqəli-sahmanlı “Ulduz” parlamır ki, parlamır, öz sönüklüyünə sadiqlik göstərir. O gün gördüm, yenilik eləmək istəyiblər. Neyləsələr, yaxşıdır? Yazıçılar Birliyi ilə üzbəüz parkdakı otluqda bardaş qurub jurnalın son nömrəsini müzakirəyə çıxarıblar. Hardasan, ay Vaqif Mustafayev?!

***

Bilmirəm, fikir vermisinizmi? Yazıçılar Birliyinin dərgilərinə rəhbərlik edən adamların hamısı yeri gəldi-gəlmədi, alındı-alınmadı zarafat eləyirlər. Qulu adamla salamlaşandan sonra mütləq nəsə “baməzə” söz deməlidir. Elçin dəmir kimi əlləri ilə adamın barmaqlarını möhkəm-möhkəm sıxandan sonra söz atmalıdır. İntiqam Qasımzadə gənc yazarları harda gördüsə, ucadan danışa-danışa çox vaxt alınmayan bir yumor eləməlidir.

Elə bil, bu adamlar əlimizi möhkəm-möhkəm sıxıb, bizim gözümüzü qorxutmaq, həqiqətin fəryadını gülüş sədaları altında boğmaq istəyirlər. Belə məqamlarda adamın yadına “Fəryad” filmində rəhmətlik Ceyhun Mirzəyevin yorğanı başına çəkə-çəkə dediyi sözlər düşür: “Ay Allaaah, ağlımı başımdan almaaa!”

***

Yazını bitirmişəm. Arvada deyirəm, bax gör necədi? Oxuyandan sonra soruşur:

– Hamının bildiyi şeyləri niyə yazırsan ki?

– Qaranquş İbrahimin tonqalına bir dimdik suyu niyə aparmışdı ki?

1937.az 

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail
This entry was posted in Xəbərlər. Bookmark the permalink.

Comments are closed.